Nodar Məmmədov: Neftçini qələbə münasibətilə təbrik etməyə ehtiyac yoxdur
"Xəzər Lənkəran"ın müdafiəçisi Nodar Məmmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə 0:1 hesabıyla uduzduqları oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanızın matçın sonunda qol buraxmasına, 1 xal qazana bilməməsinə nə mane oldu?
- Hamı bizim gənclərdən ibarət heyətlə mübarizə apardığımızı yaxşı bilir. Təcrübə azdır. Buna baxmayaraq, biz əlimizdən gələni etdik. Oyun da vacib idi. Təəssüf ki, sonunu gətirə bilmədik. Bəlkə də gücümüz çatmadı.
- Rəqib futbolçuları qələbə münasibətilə təbrik etdiniz?
- Məncə, "Neftçi"ni qələbə münasibətilə təbrik etməyə ehtiyac yoxdur. Onların bizdən ikiqat güclü heyəti var. Amma bircə qol vəziyyəti yaradıb, ondan da yararlandılar.
- Bəs hakimliklə bağlı nə deyərdiniz?
- Hakimin son 20 dəqiqədəki davranışı xoşuma gəlmədi. Çoxlu kiçik səhv oldu. Amma bütövlükdə, normal qarşılaşma keçdi.
- Komandanızın "Rəvan" və "Qarabağ"la oyunlarla müqayisədə bu görüşdə xüsusi motivasiya ilə mübarizə apardığı hiss olunurdu...
- Əlbəttə, "Neftçi" ilə oyunda xüsusi motivasiya olmalı idi. Fanatlarımız oyundan öncə bizi dəstəkləyirdilər. Onlar deyirdilər ki, istənilən komandaya uduza bilərsiniz, amma təkcə "Neftçi"yə yox.
- Onların yoxluğu hiss olunurdu?
- Çox. Fanatlarımız bizi hər oyunda çox yaxşı dəstəkləyirlər. Allah eləsin ki, Lənkərandakı oyunda tam fərqli atmosfer olsun. "Neftçi" azarkeşləri oyundan öncəki isinmə hərəkətləri zamanı nə etmişdilərsə, Lənkərandakı oyunda fanatlarımız rəqib komandaya qarşı ondan ikiqat artığını edəcək.
- Sizə elə gəlmir ki, bu iki klub arasındakı oyunlar zamanı qonaq azarkeşlərə qoyulan qadağanı aradan götürməyin vaxtı çatıb?
- Qadağa götürülsə, yaxşı olar. Hər iki komandanın azarkeşlərinin oyuna buraxılması lazımdır. Onda oyunlar daha maraqlı olar.
- "Neftçi" fanatlarının hansı hərəkəti xoşunuza gəlmədi ki?
- Onların təhqirləri. Bunlar futbolu çirkinləşdirir, "Neftçi" fanatlarına yaraşmır. Amma bilirik ki, "Xəzər Lənkəran"la "Neftçi" arasındakı oyunlarda belə hallar yaşanır.
- Bir müddət öncə Ağdam klubunun azarkeşləri də meydana limon atmaqla cənub təmsilçisinə sataşmışdı...
- Onların "Qarabağ" fanatı olduğunu düşünmürəm. Mənim fikrimcə, onlar kənar şəxslər idilər.
- Qarşıda sizi "Neftçi" ilə kubok oyunları da gözləyir...
- Həmin oyuna qədər Qürbətovla Cəfərov da sıraya dönəcək. Onların yoxluğu bu gün sözünü dedi. Bu gün "Neftçi"yə qarşı 17 yaşlı futbolçu oynayırdı.
- Qarşıdakı "Zirə" ilə görüşdən nə gözləyirsiniz?
- Bizə bircə qələbə lazımdır. Ümid edirəm ki, "Zirə" ilə oyunda qələbə qazanacağıq.