Mançester Yunayted futbol məktəbi Bakı Olimpiya Stadionunda məşq keçdi
"Mançester Yunayted" futbol məktəbinin 42 nəfər gənc istedadı Bakı Olimpiya Stadionunu ziyarət edib. Azerisport.az xəbər verir ki, ziyarətin əsas məqsədi stadionun infrastrukturu ilə tanışlıq və gələcək təlimlər üçün ev sahibliyi məsələləri olub.
Ziyarət zamanı uşaqlar texniki ərazilərdə stadion turu keçiblər və futbol oyunlarının pərdəarxası prosesləri ilə tanış olublar. 7-12 yaşarası olan gənc istedadlar yüksək nizam-intizam göstəriblər, stadion və meydança haqqında maraqlı suallar veriblər . Onlar sanki bir azarkeş kimi öz məşqçilərinə və valideynlərinə tribunadan nəğmələr söyləyiblər. Stadion turundan dərhal sonar gənc futbolçuların isinmə meydançasında məşqləri başlayıb. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, uşaqlar həftədə iki dəfə məşq keçirlər və hər həftə yoldaşlıq qarşılaşmaları təşkil edirlər.
Məktəbin baş məşqçisi Mik Bennet stadion haqqında bu fikirləri bildirib: “Olimpiya Stadionunun ot örtüyü çox yüksək keyfiyyətə malikdir, görkəmli infrastruktur burada məşq keçən bütün idmançılar üçün böyük motivasiya olur”.
Layihənin kordinatoru Ramin Həsənovun sözlərinə görə, uşaqlar stadionun atmosferindən məmnun qalıblar və ümid edir ki, onlar buraya yalnız məşqlər zamanı yox, həm də gələcəkdə peşəkar futbolçu olduqları zaman da gələcəklər.
Xatırlatmaq istərdik ki, "Mançester Yunayted" Futbol Məktəbi Bakıda AFFA-nın təşəbbüsü, "Bakcell" və "Mançester Yunayted"in dəstəyi ilə 2014-cü ildə qurulub. Hazırda məktəbdə 44 uşaq məşq edir, onlar bütün ölkə üzrə seçimlərdən sonar bütün mərhələləri keçərək qatılıblar.