Qurbanov: Təəssüf ki, heç vaxt oynamadığım Böyük oyunu yenə buraxmalı olacağam
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçiriləcək oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Böyük oyun"dan nə gözləyirsiniz?
- Bu klublar arasındakı oyunlar həmişə maraqlı və gərgin keçir. Ümid edirəm ki, bu dəfə də maraqlı və gərgin qarşılaşma olacaq. Aydın məsələdir ki, rəqibin heyətində hazırda gənc futbolçular çoxluq təşkil edirlər. Buna baxmayaraq, onların "Neftçi" ilə oyunun əhəmiyyətini yaxşı dərk etdiyinə əminəm. Biz də bu rəqibə qarşı ciddi mübarizə aparmalı və fanatlarımızı sevindirməliyik.
- "Rəvan"la oyundan sonra ab-hava necədir?
- Komandada atmosfer çox yaxşıdır. Artıq bu oyunu unutmuşuq. Qarşıdakı matçları düşünürük.
- Cəza səbəbindən "Böyük oyun"u buraxmağınıza üzülürsünüz?
- "Xəzər Lənkəran"a qarşı oynamağı çox istərdim. Çünki indiyə kimi Lənkəran klubuna qarşı oynamamışam. Əfsuslar olsun ki, bu dəfə də belə alındı və mən "Böyük oyun"da iştirak edə bilməyəcəyəm.
- Proqnozunuz?
- Ancaq qələbə!
- Komanda yoldaşınız Samir Məsimovun Sloveniya "Domjale"sinə keçidini necə qarşıladınız?
- Bildiyim görə, Samir əsas komandada oynayacaq. Ümid edirəm ki, özünü yaxşı tərəfdən göstərə biləcək. Ona azarkeşlik edəcəyəm.
- "Domjale" sizə də dəvət göndərsəydi, gedərdiniz?
- Samir "Neftçi"yə lazım idi. Amma özüm haqda heç nə deyə bilmərəm. "Neftçi"də məni hər şey qane edir.
- Amma klubunuz sabiq hücumçu Nikolas Kanalesi geri qaytarmağa hazırlaşır. Sizə elə gəlmir ki, bundan sonra əsas heyətə düşməyiniz çətinləşəcək?
- Qoy gəlsin. Mən Kanalesin "Neftçi"yə gəlməsinin lehinəyəm. Çünki rəqabətə hazıram. "Neftçi"nin əsas heyətinə düşmək asan deyil. Bunun üçün futbolçunun özünü göstərməsi lazımdır. Qoy daha iki hücumçu gəlsin. Onların hamısı ilə rəqabət aparmağa hazıram.