Azərbaycanın pley-offdakı rəqibi bu gün bilinəcək
Bu gün Serbiyanın paytaxtı Belqradda dünya çempionatının pley-off oyunlarında üz-üzə gələcək komandalar üçün püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, 14 komanda arasında Azərbaycan yığması da var.
Azərbaycan pley-offdakı rəqibinə qalib gələcəyi halda tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak etmək hüququ qazanacaq. Yığmamızdan başqa Ukrayna, Macarıstan, Belarus, Rusiya, Serbiya, İspaniya, Hollandiya, Qazaxıstan, Sloveniya, Portuqaliya, Polşa, İtaliya və Slovakiya da pley-offdakı rəqibini gözləyir.
Püşkatma zamanı əsas mərhələdə qrup qalibi olan komandalar ikinci yeri tutan komandalarla qarşılaşacaqlar. Həmin vaxt eyni qrupda yer almış kollektivlər bu dəfə bir-birinə rəqib ola bilməyəcəklər.
Pley-off mərhələsinin oyunlarının martın 22-də və aprelin 12-də keçirilməsi nəzərdə tutulub. 7 qalib komanda bu il sentyabrın 14-də Kolumbiyada start götürəcək dünya çempionatında Avropanı təmsil etmək hüququ qazanacaq.