Millimizin oyunçusu: Stabekdə böyük futbolçu ola bilərəm
Azərbaycanın U-19 yığmasının yarımmüdafiəçisi Kazım Birkanın azerisport.az saytına müsahibəsi
- Norveç "Stabek"ində işləriniz necə gedir?
- Çox yaxşı. Türkiyədə təhsilimlə bağlı problemim vardı. Bu üzdən bir müddət orada oldum. Norveçə yenicə qayıtmışam.
- Komandanızın hansı heyətində məşq edirsiniz?
- Əsas komanda ilə hazırlaşıram. Bəzən yoxlama oyunlarında meydana çıxıram. Mənə qarşı çox yaxşı münasibət var. Məni dəstəkləyirlər.
- Bəs bu komandadakı perspektivinizi necə görürsünüz?
- Bu klubda yaxşı gələcəyimin olduğunu düşünürəm. Hər şey özümdən asılıdır. Çalışsam, "Stabek"də böyük futbolçulardan birinə çevrilə bilərəm.
- Nə vaxt müqavilə imzalamağı düşünürsünüz?
- Avqustda 18 yaşım tamam olacaq və klubla müqavilə imzalaya biləcəyəm. "Stabek" 5 illik müqavilə təklif edir. Amma mən 3 illik müqavilənin tərəfdarıyam. Maaşımı alıram. Qaldığım mənzilin kirayə haqqını da klub ödəyir. Problemim yoxdur.
- Gənc futbolçular Türkiyə və Azərbaycandan təklif alan kimi razılaşırlar. Sizə də belə təkliflər olub?
- Türkiyə klublarından tez-tez təklif alıram. Niyəsini də bilirəm. Bu yaxınlarda Super Liqa klubundan da təklif almşdım. Amma Azərbaycandan dəvət edən olmayıb. Olsa, baxardım.
- Sizi "Stabek"ə Bob Bredli aparmışdı. Amma indi o, Fransa "Havr"ında çalışır. Yeni baş məşqçi Billi Makkinli ilə münasibətiniz necədir?
- Bob yaxşı məşqçidir və Fransada uğur qazana bilər. O, mənə çox şey öyrədib. Gedişinə də çox təəssüfləndim. Makkinli ilə yeni tanış olmuşam. Münasibətimiz normaldır. Azərbaycan yığmasında oynadığımı bilir. Uğur qazana biləcəyimi deyib.
- Heç bir ölkənin əsas yığma komandasında oynamadığınızı nəzərə alsaq, qarşıdakı illərdə Azərbaycanı yox, başqa ölkə millisini seçməyiniz mümkündür? Məsələn, "Stabek"də özünüzü göstərə bilsəniz, Norveç yığmasından dəvət ala bilərsiniz...
- Norveç yığmasından dəvət ala bilərəm. Amma bu, "Stabek"dəki çıxışımdan asılı olacaq. Laki mən Azərbaycan yığmasını seçmişəm. Azərbaycan xalqı, ölkəsi üçün oynamaq istəyirəm.
- Türkiyədən diqqət var?
- Azərbaycan üçün oynamaq istəyirəm. Bu ölkənin yığmasında çıxış edəcəyəm.
- AÇ-nin seçmə mərhələsi zamanı yığmamızın yarımmüdafiə xəttində problemlər olsa da, baş məşqçi Nazim Süleymanov sizə şans vermədi...
- Ağır əməliyyat keçirmişdim. Nazim Süleymanov sağ olsun ki, məni dəstəklədi. Bir neçə toplanışa dəvət etsə də, matça hazır olmadığımı bildirdi. Onun qərarlarına hörmətlə yanaşıram.