Rauf Əliyev: Hələ ayağımda ağrı hiss edirəm
"İnter"in hücumçusu Rauf Əliyev zədədən sonrakı bərpa prosesindən və komandasının qış fasiləsindən sonrakı uğursuz çıxışından söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Hələlik, qaçmaqla kifayətlənirəm və topla yüngül məşqlər edirəm. Hərdən ayağımda ağrılar olur. Bu üzdən də komandaya nə vaxt qoşulacağımı bilmirəm. Proqramla iki ay fərdi hazırlıq keçməliyəm. Ağrılar kəssə, tez də sıraya dönə bilərəm.
Komandamızın qış fasiləsindən sonrakı çıxışına gəlincə, ardıcıl iki məğlubiyyətlə üzləşməyimiz məni çox məyus etdi. Artıq qarşıdakı AZAL-la oyundan qalib ayrılmağa çalışmalıyıq. Əks halda "Zirə" turnir cədvəlində bizdən daha da aralanacaq. Rəqibimiz ciddi komandadır. Bir müddət öncə "Qarabağ"a qalib gəlmişdilər. Hansı ki, bu nəticə ilə çox adamı təəccübləndirməyi bacardılar. AZAL-ı onun meydanında məğlub etmək çox çətin olacaq".