Elbrus Məmmədov: Neftçi Qarabağ deyil, onlara qalib gəlməyə çalışacağıq
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Böyük oyun"a hazırlıq necə gedir?
- Hər şey plan üzrə gedir. Tural Qürbətovla Ruslan Cəfərovun xidmətindən yararlana bilməyəcəyik. Onların hər ikisi cəzalıdır.
- Yəqin ki, onların yoxluğu komandanızın onsuz da ağır olan vəziyyətini bir qədər də pisləşdirəcək...
- Biz son dövrlər o qədər çətinliklər görmüşük ki, artıq bunlardan qorxmuruq.
- Kamran Abdullazadənin qayıtması növbəti oyunda sizin üçün müsbət məqam sayıla bilər?
- O, əvəzedici komandaya kömək edəcək. Çünki çoxdan idi məşq etmirdi. Ona vaxt lazımdır ki, əsas komandaya dönsün. İki məşq etməklə Premyer Liqa oyununa çıxmaq olmaz.
- Əvvəlki əhəmiyyətini böyük ölçüdə itirmiş "Böyük oyun"da "Neftçi"yə məğlubiyyətdən qorxmursunuz?
- "Böyük oyun" bizim üçün əhəmiyyətini itirməyib. "Neftçi" yenə də bizim prinsipial rəqibimizdir. Bu üzdən də maraqlı oyun gözləyirik. Öz futbolumuzu sərgiləməyə və qələbə qazanmağa çalışacağıq. "Qarabağ"la oyundan sonra bizim çatışmazlıqlar üzərində çalışmağa vaxtımız var idi. "Neftçi" "Qarabağ" deyil. Odur ki, şənbə günü hər şey ola bilər.
- Azarkeşlərinizin bu oyuna buraxılmaması sizə mənfi təsir göstərməyəcək?
- Futbolun gözəlliyi azarkeşlərdədir. Məndə olan məlumata görə, bu iki komandanın azarkeşləri arasında fikir ayrılığı qalmayıb. Onlar hətta öz aralarında yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar. Bu, çox şeydən xəbər verir. Artıq məlum qadağaya yenidən baxmağın vaxtıdır. Lazım gəlsə, bu oyunlar zamanı təhlükəsizliyi daha da güclü təşkil etmək olar. Azarkeşlərsiz futbol olmur.
- "Rəvan" pis futbol sərgiləmir və sizinlə sonuncu pillədən yaxa qurtmarmaq uğrunda mübarizə aparır. Bir müddət öncə paytaxt klubunun baş məşqçisi Bəhmən Həsənov "Xəzər Lənkəran"ın da FİFA tərəfindən altı xalının silinməsini arzuladığını dilə gətirib...
- Həsənova cavab vermək istəmirəm. Bu, onun fikridir. Məndən böyükdür, məşqçim olub. Ona cavab vermək mən tərəfdən düzgün olmaz. Sadəcə, onu deyə bilərəm ki, biz sonuncu olmayacağıq. Əksində, turnir cədvəlində daha da üst pillələrə çıxmaq istəyirik.
- Türkiyəyə Pro kateqoriyalı kurslara qatılmağa getmişdiniz. Necə keçdi?
- Bildiyiniz kimi, Pro kateqoriyası almaq üçün Kiyevdə məşqçilik kursuna yazılmışam. Fevralın əvvəlində isə Türkiyədə seminar baş tutdu. Çox maraqlı seminar oldu. Çoxlu yeni şeylər öyrəndim. Rusiyanın "Zari", Gürcüstanın "Torpedo" klublarının təlim-məşq toplanışlarına baş çəkdik. Qrupumuzda 24 nəfər məşqçi var. Anatoli Timoşuk, Dario Srna da bizimlə birgədir. 2017-ci ilin may ayında imtahan verəcəyik. Ümid edirəm ki, həmin vaxt mən də Pro lisenziyası alacağam.