Elçin Məmmədov: Zirə UEFA-nın xüsusi icazəsi ilə avrokuboklarda iştirak edə bilər
AFFA lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov "Zirə"nin avrokuboklarda iştirakının mümkünlüyü barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"UEFA-nın qaydalarına görə, üç və daha çox ildən artıq fəaliyyət göstərən istənilən klub avrokuboklarda iştirak edə bilər. Üç ildən az fəaliyyət göstərən klubların avrokuboklara qatılması üçün isə UEFA-nın xüsusi icazəsi olmalıdır. Amma bu, yalnız mövsümün sonunda bəlli olacaq. Şübhəsiz ki, "Zirə"nin hər ehtimala qarşı lisenziyalaşdırmanı UEFA-nın bütün tələblərinə uyğun həyata keçirməsi vacibdir. Hazırda UEFA-nın bu klub qarşısında hansı tələbləri qaldıracağını deyə bilmərəm. Qitə futbol qurumu idman qaydalarının pozulmasını istəmir. Bu məsələni klub rəsmiləri ilə müzakirə etmişik. Onar UEFA-nın hansı tələblər qoyduğunu bilirlər".