Şayahmetov: Azərbaycan yığmasında motivasiya daha yüksəkdir
Futzal üzrə Rusiya yığmasının oyunçusu Vladislav Şayahmetov AÇ-2016-nın 1/4 final mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- AÇ-nin 1/4 finalında komandanız Azərbaycanla qarşılaşacaq. Bu oyundan nə gözləyirsiniz?
- Matçla bağlı çox danışmaq istəmirəm. Çünki oyundan öncə danışmaq o qədər də sərfəli deyil. Qısaca onu deyə bilərəm ki, gərgin və maraqlı görüş olacaq. Buna əminəm.
- Azərbaycan yığmasında kimləri tanıyırsınız, nə bilirsiniz?
- Azərbaycan yığması güclü komandadır. Buna görə də oyun sonadək gərgin mübarizə vəd edir. Kim güclü olsa, o da qalib gələcək. Hər halda oyundan sonra daha ətraflı danışmaq olar.
- Yəqin ki, Azərbaycanın İtaliya yığmasının Çexiya üzərindəki qələbədən sonra 1/4 finala çıxmasından xəbəriniz var. Bəs siz hansı komanda ilə qarşılaşmaq istəyərdiniz - Azərbaycanla, ya Çexiya ilə?
- Bu barədə xəbərim var. Amma xüsusi düşünməmişəm. Kimə qarşı oynamağımızdan asılı olmayaraq, hədəf qələbə qazanmaqdır.
- Azərbaycan yığması üçün bu oyun DÇ-2012-nin seçmə mərhələsi çərçivəsində Rusiyaya məğlubiyyətin revanşını almaq baxımından önəmlidir. Rəqibin belə motivasiyalı olması sizin üçün necədir?
- Razıyam ki, motivasiya yığmanızda daha yüksəkdir. Bu, bizə də sərf edir. Amma biz də motivasiyalıyıq. Yarımfinala çıxmaq istəyirik.
- Həm bizim, həm də sizin komandanızda braziliyalılar çıxış edir və buna görə tənqidlər də çox olur. Bəs siz buna necə baxırsınız?
- Bəli, braziliyalı oyunçularımız var. Amma bütün güclü komandalarda braziliyalılara rast gəlmək mümkündür. Bizdə dörd braziliyalı var, bildiyimə görə, sizdə altı. İtaliya yığmasında isə səkkiz braziliyalı var.
- Komandanızın qarşısında hədəf nədən ibarətdir? Favoritiniz var?
- 1/4 finala çıxan hər bir komanda favoritdir. Hər kəs yarımfinala çıxmaq istəyir. Bizim də hədəfimiz mümkün qədər yaxşı yerlərdən birini tutmaqdır.