Azarkeşləri Qarabağı ziyana saldı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
"Neftçi” - “Rəvan” matçında “Rəvan”ın 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 88-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Jayro Rodriqes ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Rəvan”ın futbolçusu Həmid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.
"Qarabağ” - “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 2-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
"Sumqayıt” - “Zirə” matçının 61-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Kəpəz” - AZAL matçının 88-ci dəqiqəsində AZAL-ın futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.