Kəpəz fanatlarından tələb: şəhər stadionu təmir olunsun!
"Kəpəz" azarkeşləri redaksiyamıza müraciət ünvanlayıblar. Azerisport.az xəbər verir ki, Gəncə klubunun tərəfdarları komandalarının ev oyunlarını keçirdiyi şəhər stadionunda təmir işlərinin başlanılmasını tələb edirlər.
Həmin müraciəti təqdim edirik: "Hamımızın gördüyü kimi, "Kəpəz" avrokuboklara vəsiqə uğrunda böyük addımlar atır. Bildiyimiz kimi, "İnter" UEFA tərəfindən qadağaya məruz qaldığı üçün, "Zirə" isə yüksək liqada ilk dəfə çıxış etdiyi üçün 2016-17 mövsümündə Avropa Liqasında çıxış edə bilməz. Bu isə onsuz da yüksək olan şanslarımızı daha da artırır. Amma təəssüf ki, Avroliqaya qatıldılığımız halda "Kəpəz" ev oyunlarını Bakıda keçirmək məcburiyyətində qalacaq. Çünki stadionumuzun hazırkı vəziyyəti standartların qat-qat altındadır. Əslində bu mövzunu əsas gündəmə gətirə bilsək, bu işlə bağlı ciddi təmir başlanılsa, yaya kimi stadionu UEFA-nın tələblərinə uyğun vəziyyətə gətirmək olar. Necə ki, Bakı Olimpiya stadionu kimi böyük stadion qısa müddətdə tikilib təhvil verildi. Ölkənin ikinci böyük şəhərinin stadionunu da yaya kimi ideal vəziyyətə gətirmək bir neçə aya mümkün olar.
Hər oyun stadiona heç 1000 nəfər azarkeş yığa bilməyən komandaların stadionu, hər oyun azarkeş rekordları qıran "Kəpəz"imizin stadionundan qat-qat ideal vəziyyətdədir. Belə getsə, nəinki Avroliqa oyunları, həmçinin ev oyunlarını da Bakıda keçirməli olacağıq. Çünki günü-gündən stadionun vəziyyəti bərbad hala düşür. Hələ ki, az da olsa, vaxtımız var.
"Kəpəz" azarkeşləri adından xahiş edirik, bizim də stadionumuzda əsaslı təmir işləri başlanılsın"!