Azad Rəhimov: Stadionda toy mərasiminin keçirilməsinə normal baxıram
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov bu gün jurnalistlər üçün brifinq keçirib. Azerisport.az xəbər verir ki, o, öncə Bakıda təşkil olunan Formula-1 üzrə Avropa qran-prisindən söz açıb:
"Kimsə, hardasa deyib ki, Avropa qran-prisinin büdcəsi 150 milyon dollardır. Bu, düz deyil. Bu barədə rəsmi məlumat yoxdur. Buna görə də kiminsə bu barədə danışmağa haqqı yoxdur. Sadəcə, rəsmi olaraq onu deyə bilərəm ki, yol infrastrukturunun qurulmasına, lazım olan şəraiti qurmağa 12 milyon dollar xərclənəcək. Rəsmi olaraq, 10 illik müqavilə imzalamışıq. Amma 5 ildən sonra bu razılaşmağa yenidən baxa bilərik. Əgər beş ildən tez bu müqaviləni pozmağa çalışsaq, o zaman xeyli məbləğdə cərimə ödəməliyik".
Rəhimov Bakı Olimpiya Stadionunda toy mərasiminin keçiriləcəyi barədə yayılan xəbərlərə də münasibət bildirib: "Bakıda belə mərasimlərin, görüşlərin keçirilməsi üçün xeyli idman obyektləri var. Məsələn, Atıcılıq mərkəzi. Mən buna normal baxıram. Məsələn, Madriddə olarkən "Santyaqo Bernabeu" stadionunda bu tipli tədbirin keçirilməsinin şahidi olmuşdum".