Neftçinin futbolçusu yeni klubuna qoşulmaq üçün Türkiyəyə yollandı
"Neftçi"nin yarımmüdafiəçisi Samir Məsimov Türkiyəyə yollanıb. Azerisport.az xəbər verir ki, o, burada hazırlıq keçən Sloveniyanın "Domjale" klubunun düşərgəsinə qoşulacaq.
Düzdür, futbolçu hələ bu klubla müqavilə imzalamayıb. Amma "Neftçi"dən aldığımız məlumata görə, klub rəhbərliyi onun "Domjale"yə keçidinə problem yaratmayacaq. Hazırda hər iki klubun hüquqşünasları bu transferlə bağlı məsələləri yoluna qoymaqla məşğuldur. Bütün detallar dəqiqləşdirildikdən sonra, Məsimov yaxın günlərdə Sloveniya klubu ilə rəsmi müqavilə imzalayacaq.
Qeyd edək ki, "Domjale" Sloveniya çempionatının qalan hissəsinə hazırlaşır. Bu ölkədə çempionat fevralın 27-də bərpa olunacaq. "Domjale" 22 turdan sonra 38 xalla üçüncü sırada qərarlaşıb və lider "Olimpiya"dan 8 xal geri qalır.