Eduardo: Ümid edirəm ki, İtaliya çexlərə uduzmaz
Futzal üzrə Azərbaycan yığmasının üzvü Eduardo AÇ-2016-nın final mərhələsi çərçivəsində Çexiyaya qarşı keçirilmiş oyundan (6:5) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Oyun barədə nə deyə bilərsiniz?
- Oyun bizim üçün yaxşı alındı. Matça çox yaxşı köklənmişdik. Matçdan öncə əsəblər ən son həddə idi. Bu üzdən də səhv etməyə haqqımız yox idi. Həm də rəqib güclü komanda idi.
- Yenidən xal itiri, AÇ-ni erkən tərk etməkdən qorxurdunuz?
- Bunu qətiyyən istəmirdik. Bizim bircə variantımız var idi - qələbə qazanmaq. Meydanın özümüzə aid hissəsində xeyli səhvə yol verdik. Amma xoşbəxtlikdən hücumda da məhsuldar oynaya və lazım olan nəticəni əldə edə bildik.
- Millimiz heç İtaliya ilə oyunda bu qədər səhvə yol verməmişdi. Amma həmin görüşdə uduzub, bu dəfə qələbə qazandınız...
- Bu dəfə sadəcə, əsəblər qaydasında deyildi. Şübhəsiz ki, heç kim qəsdən səhv etməz. Artıq iş qaldı İtaliyanın ümidinə. Ümid edirəm ki, onlar çexlərə uduzmayacaqlar.
- İtaliya indiki Çexiya yığmasına çətin ki, uduza...
- Razıyam. Amma bu oyunların da özəlliyi ondadır ki, sürprizlər qaçılmaz olur. Ümid edirəm ki, bu dəfə həmin sürprizlə qarşılaşmayacağıq.
- 1/4 finalda Rusiya ilə qarşılaşmaq istəyirsiniz, Qazaxıstanla?
- Düzünü desəm, mənim üçün kimə qarşı oynamağın fərqi yoxdur. Onsuz da bu mərhələdə zəif komanda tapa bilməzsən. Çünki mübarizə Avropanın səkkiz ən yaxşı komandası arasında gedəcək.
- Amadeunun yoxluğu hiss edilir?
- Əlbəttə. O, yaxşı oyunçudur və bizə çox köməyi dəyir. Həm də biz onunla oynamağa alışmışıq. Çünki bir neçə ildir birgə oynayırıq. Bir-birimizi çox yaxşı anlayırıq. Həm də bizim üçün təkcə Amadeunun yox, istənilən oyunçumuzun olmaması böyük itkidir.