Əsgər Abdullayev: Neftçi mövsümün sonunda ilk üçlükdə olmalıdır
"Neftçi"nin baş məşqçisi Əsgər Abdullayev Topaz Premyer Liqasının 20-ci turu çərçivəsində "Rəvan"a qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Rəvan"la oyundan nə gözləyirsiniz?
- Onlar öz oyunları ilə nəyə qadir olduqlarını göstəriblər. Asan rəqib deyil. Onlara qalib gəlmək asan olmayacaq.
- Axı "ac" klubu məğlub etmək asan olmalıdır...
- Futbolçularıma gəmişə demişəm, yenə də deyirəm ki, rəqibləri reytinqə bölmək düzgün deyil. Bundan yaxşı heç nə çıxmaz. Hər bir rəqibə hörmətlə yanaşmaq lazımdır. "Rəvan" Premyer Liqanın iştirakçılarından biridir. Onlar yaxşı müdafiə olunurlar.
- "Neftçi" son oyununda bu komandaya uduzmuşdu (2:3). Növbəti dəfə komandanızın bu rəqibi düzgün qiymətləndirməməsi mümkündürmü?
- Həmin vaxt komandanı mən çalışdırmırdım, amma oyunu izləmişdim. Onlar bir qədər öncə qeyd etdiklərimi həmin oyunda sübut etmişdilər. "Rəvan"la oyuna "Qarabağ" və "Qəbələ" ilə görüşlərdəki kimi yanaşmaq lazımdır.
- Mövsümün əvvəlini elə də uğurlu keçirməyən "Neftçi" bu gedişlə mövsümü hətta ikinci pillədə də başa vura bilər. Sizin gözləntiləriniz necədir?
- Bizim həm potensialımız, həm də istəyimiz var ki, yuxarı pillələrə çıxaq. Avrokuboklara vəsiqə qazanmaq istəyirik. Amma hazırda altıncı pillədəyik və bu, çətin ki, belə bir uğura imza atmağımıza imkan versin. Mövsümün sonunda ilk üçlükdə olmalıyıq.
- Komandanızın meydanda sərgilədiyi futboldan razısınız?
- Potensialımız daha artığına imkan verir. Biz düz yoldayıq. Daha yaxşı oynamalıyıq.
- Kauenin gedişi sizə problem yaratmayacaq?
- O, yaxşı futbolçu idi. Amma artıq heyətimizdə deyil. Onu Elşən Abdullayevlə əvəz etməyə çalışırıq.
- Bəs onu klubun büdcəsini yaxşılaşdırmaq üçün satdığınız doğrudur?
- Onun nə qədər qazandığını mən bilmirdim. "Neftçi"yə gələndən bəri ümumiyətlə maraqlanmıram və xəbərim də yoxdur ki, kim nə qədər qazanır. Mənim işim nəticə qazanmaqdır. İndi mən daha çox Kauenin mövqeyində kimin oynayacağını düşünürəm. Klubun maliyyə durumu ilə maraqlanmaq mənim işim deyil.