Ayaz Quliyev: Azərbaycanın Rusiya üzərində 3:0 hesablı qələbəsi mənim üçün gözlənilməz oldu
Rusiyanın gənclərdən ibarət yığmasının və Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı oyunlardan danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zədə səbəbindən həm Farer adalarına, həm də Azərbaycana qarşı oyunu buraxmalı oldum. Müalicəm hələ də davam edir. Azərbaycan və Rusiya yığmaları arasındakı oyun maraqlı alındı. Komandamız üçün çətin olacağını bilirdim. Çünki Azərbaycan yığması yaxşı çıxış edir. Amma etiraf edim ki, Azərbaycanın 3:0 hesablı qələbəsi mənim üçün gözlənilməz oldu. Rusiya yığması rəqibini düzgün qiymətləndirmədi? Bilmirəm. Bu barədə dəqiq heç nə deyə bilmərəm.
Ramil Şeydayevlə həmin oyunla bağlı söhbət etmişəm. Amma elə də geniş söhbətimiz olmayıb. Azərbaycan yığması ilə Rusiyada da oynayacağıq. Revanş barədə düşünürükmü? Bu barədə də heç nə deyə bilmərəm".