Elxan Abdullayev: Qarabağın şansı var, amma çox cüzidir
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində keçirdiyi oyunları şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyundan öncəki proqnozlarım özünü doğrultdu. "Tottenhem"in Bakıya tam heyətlə gəlməməsinə rəğmən, "Qarabağ"a çox çətin oldu. Səviyyə fərqi sözünü dedi. Düzdür, Ağdam klubunun pley-offa çıxmaq üçün nəzəri şansı qalır. Amma burada ən pis hal ondadır ki, komandamızın taleyi öz əlində deyil. "Tottenhem" "Monako"nu öz meydanında qəbul etsə də, fransızlar qədər motivasiyalı olmayacaqlar. Eyni zamanda "Qarabağ" da səfərdə "Anderlext"ə qalib gəlməlidir. Ağdamlıların şansı var, amma çox cüzidir".
"Qəbələ"nin PAOK-la oyununa gəlincə, son zamanlar Yunanıstan futbolunda eniş dövrü yaşanmaqdadır. Bu, PAOK-dan da yan keçməyib. "Qəbələ" də bütün çatışmazlıqlarına baxmayaraq, bu çətin səfərdən bir xalla qayıtmağı bacardı. Halbuki, bu oyundan öncə "Krasnodar"ın "Borussiya"ya qalib gəlməsi qrupdakı bütün suallara aydınlıq gətirmişdi".