Ermin Zets: Yunanıstanda uğur qazana bilərik
"Qəbələ"nin hücumçusu Ermin Zets Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsində Yunanıstanın PAOK klubuna qarşı keçirəcəkləri səfər oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- PAOK-la oyunda komandanzın şansları barədə nə düşünürsünüz?
- Bizi çətin oyun gözləyir. Amma qələbə qazanmaq üçün şansımız böyükdür. Biz bunu hələ Bakıda keçirilən oyunda da sübut etmişdik. Həmin görüşdə əsl xarakter nümayiş etdirdik. Fikrimcə, Yunanıstanda da yaxşı oyun göstərə bilsək, uğurlu nəticə qazana bilərik.
- PAOK azarkeşləri emosionallıqları ilə seçilirlər. Bu, sizə problem yarada bilər?
- Bilirəm ki, stadionda çox yaxşı atmosfer olacaq. PAOK-un yaxşı azarkeşləri var. Onlar bütün matçboyu komandalarını yaxşı dəstəkləyirlər. Amma bunun bizə hansısa problem yaradacağını düşünmürəm. Çünki əvvəllər "Panatinaikos", "Borussiya" kimi komandalarla səfər oyunlarında belə halla qarşılaşmışıq. Bir sözlə, maraqlı oyun olacağını düşünürəm.
- Son dövrlər əsas heyətdə sizin əvəzinizdə Fakundo Pereyra çıxış edir. Bu, nə ilə bağlıdır?
- Üç həftə idi ki, zədədən əziyyət çəkirdim. Ona görə də əsas heyətdə oynamaq mənim üçün çətin idi.
- "Qəbələ"nin qrupdan çıxmaq şansı nə dərəcədə çoxdur?
- PAOK və "Borussiya" ilə oyunlarda qələbə qazansaq, fikrimcə, hər şey yaxşı olacaq.
- Komandanız Premyer Liqanın son turlarında çox xal itirir. Bu, sizin çempionluq şanslarınızı azaltmır?
- Biz çempion olmağa qadir olduğumuza inanırıq. Şans hələ qalır. Sadəcə, son oyunlarda heç cür qələbə qazana bilmirik.
- Türkiyənin "Balıkəsirspor" klubundan borcunuzu ala bildiniz?
- Hələ, yox. Amma inanıram ki, tezliklə klubla razılığa gəlib, bu problemi yoluna qoyacağıq. Bunun üçün lazım olan bütün sənədləri UEFA-ya göndərmişəm. Cavab gözləyirəm.