Elxan Abdullayev: Qəbələ qrupdan çıxa bilməyəcək, Qarabağ isə buna nail ola bilər
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin beşinci turu çərçivəsindəki şanslarını dəyərləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın qrupdakı vəziyyətini nəzərə alsaq, komandamız İngiltərə "Tottenhem"inə mütləq qalib gəlməlidir. "Tottenhem" Londondakı ilk oyunla müqayisədə indi daha da artırıb və İngiltərə Premyer Liqasında yaxşı çıxış edir. İngilislərin hansı heyətlə meydana çıxmasından asılı olmayaraq, bu, "Tottenhem"in müsbət nəticə qazanmasına mane olmayacaq. Çünki bu komanda da hələ qrupdan çıxmağı özü üçün təmin etməyib. Lakin nə qədər çətin olsa da, "Qarabağ" bu rəqibinə qalib gələcək gücdədir.
"Qəbələ"yə gəlincə, bu komandanın qrupdan çıxmasına inanmıram. Böyük ehtimalla, "Qəbələ" kimi PAOK da qrupdan çıxa bilməyəcək və onların oyunu ciddi əhəmiyyət daşımayacaq. Amma Yunanıstan klubu ilə heç-heçə etmək olar. Çempionatda uğursuz çıxış etməsi "Qəbələ"nin Avroliqadakı oyununa ciddi təsir göstərməyəcək. Düzdür, komanda qrupda sonuncu yeri tutsa da, çıxışlarını biabırçı adlandırmaq olmaz. Onların Premyer Liqadakı uğursuz çıxışının səbəbi isə mənə məlum deyil. Bunu ən yaxşısı klub rəhbərliyindən soruşun".