Vaqif Sadıqov: Qarabağdan Tottenhemlə görüşdə ən yaxşı oyun gözləyirəm
AFFA Məşqçilər Komitəsinin rəhbəri Vaqif Sadıqov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin beşinci turundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klublarımızın hər ikisinin qrupdan çıxmaq şansı qalır. "Qəbələ"nin hər iki oyunda mütləq qələbə qazanması lazımdır. Bunu hər kəs yaxşı başa düşür. Bu komanda hələ Avroliqanın ilk təsnifat mərhələsindəki Tiflis "Dinamo"su ilə oyunlardan etibarən hər dəfə çətin vəziyyətə düşürdü, lakin sonda istəyinə çatırdı. PAOK ilə səfər oyununda da komandamız maksimum güc sərf etməlidir. Beşinci tur "Qəbələ" üçün kluminasiyadır.
"Qarabağ"a gəlincə, bu komandanın avrokuboklarda böyük təcrübəsi var. Biz bunu hər oyunda hiss edirik. Londonda da biz rəqibindən qorxmayan "Qarabağ" görmüşdük. Sabah da komandamız bu rəqibinə qarşı ən yaxşı oyununu göstərməlidir. Ağdamlıların qrupunda elə vəziyyət yaranıb ki, dörd iştirakçıdan hər biri həm növbəti mərhələyə adlaya, həm də qrupda qala bilər. Mübarizə son tura kimi davam edəcək. Amma mən ağdamlılardan "Tottenhem"lə görüşdən mövsümün ən yaxşı oyununu gözləyirəm".