Ağasəlim Mircavadov: Qarabağ Tottenhemə qalib gələ bilər
AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinin beşinci turundakı şansları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Təmsilçilərimizdən qələbə gözləyirik. Klublarımız həm ölkəmizin, həm özlərinin reytinqini yaxşılaşdırmaq barədə düşünməli, həm də öz hədəflərinə çatmağa çalışmalıdırlar. "Qarabağ" artıq İngiltərə "Tottenhem"i ilə, "Qəbələ" də Yunanıstan PAOK-u ilə üz-üzə gəlib və rəqiblərini yaxşı tanıyırlar. İngilislər üçün bu turnir prinsipial əhəmiyyət daşımır. Bu, şübhəsiz ki, ağdamlıların xeyrinədir. Bundan istifadə edib, onları Bakıda məğlub etmək olar. "Qəbələ" də yunanlara qarşı Bakıda yaxşı oynamışdı. Səfərdə də elə oynamağı bacarsalar, müsbət nəticə qazana bilərlər".