Laşa Salukvadze: Qarabağa heç kim çata bilməz
"İnter"in yarımmüdafiəçisi Laşa Salukvadze Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində AZAL üzərində qazandıqları qələbəni (2:0) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Oyun asan alınmadı. Sadəcə, bizdə motivasiya daha yüksək idi. Ona görə ki, qələbə qazanmaqla ikinci pilləyə yüksələ bilərdik. Həm də AZAL bizim məğlub edəcəyimiz rəqiblərdən idi. Yaxşı oynadıq, qol vəziyyətləri yaratdıq və iki top vuraraq qalib gəldik".
"Qarabağ" hazırda "İnter"i 9 xal qabaqlayır. Növbəti turda lideri "Neftçi", "İnter"i isə "Kəpəz"lə oyun gözləyir. Amma Salukvadze "Qarabağ"a çatmağın mümkünsüz olduğunu düşünür: "Mənim fikrimcə, "Qarabağ"a heç kim çata bilməz. Onların "Neftçi" ilə oyunu maraqlı olacaq. "Qarabağ"ın "Neftçi"yə qalib gələcəyini düşünürəm. Bizi isə "Kəpəz"lə çətin səfər oyunu gözləyir. Bu komanda öz meydanında çox yaxşı çıxış edir. Amma buna baxmayaraq, meydana 3 xal üçün çıxacağıq".