Medvedev: Tottenhemlə oyunda xal qazana bilməsək, Avroliqa ilə vidalaşa bilərik
"Qarabağ"ın müdafiəçisi Maksim Medvedevin azerisport.az saytına müsahibəsi
- Sizicə, "Qarabağ" Avropa Liqasının qrup mərhələsi çərçivəsində İngiltərə "Tottenhem"inə evdə qalib gələ biləcək?
- Oyuna çox az vaxt qalıb. İnanıram ki, bu görüşə yaxşı hazırlaşa biləcəyik. Bilirik ki, bizi çox ağır oyun gözləyir. "Tottenhem" İngiltərə Premyer Liqasının ən güclü komandalarından biridir. Amma biz meydanda sonadək mübarizə aparacağıq.
- Yəqin ki, bu komanda ilə oyunu "Qarabağ" üçün son şans adlandırsaq, səhvə yol vermərik...
- Əlbəttə. Bu görüşdə xal qazana bilməsək, Avroliqa ilə vidalaşa bilərik.
- Rəşad Sadıqovun yoxluğu müdafiədə hansı problemlərə səbəb ola bilər?
- O, təcrübəli futbolçudur. Rəşadın meydanda olmaması müəyyən problemlərə səbəb olur. Məsələn, "Kəpəz"lə çempionat oyununda müəyyən anlaşılmazlıqlar yaranırdı. Halbuki, Rəşad meydanda olsaydı, həmin problemlər özünü göstərməzdi. Lakin Bədavi Hüseynovla Elvin Yunuszadə də pis təsir bağışlamadılar, sonadək mübarizə apardılar.
- "Kəpəz"lə oyunu bütövlükdə necə şərh edə bilərsiniz?
- Futbolçularımızın bir neçəsi bu oyundan öncə millinin düşərgəsində idi. Yerli futbolçulardan əlavə, Ansi Aqolli də Albaniya yığmasına çağırılmışdı. Bu üzdən "Kəpəz"lə matça istənilən səviyyədə hazırlaşa bilməmişdik. Amma "Qarabağ" həmişə nəticəyə oynayan komandadır. Uşaqlar meydanda sonadək döyüşdülər. Bunun da məntiqi nəticəsi kimi, üç xal qazandıq. Rəqibin beş müdafiəçi ilə oynaması bizim üçün sürpriz oldu. Lakin biz yenə də onların müdafiəsini yarmağı bacardıq.
- Ötən mövsüm deyirdiniz ki, çempionluq münasibətilə çox tez təbriklər almağa başlamağınız sizə pis təsir edir. Bu mövsüm də oxşar vəziyyət yaranmağa başlayıb. Artıq ən yaxın izləyicinizi 9 xal qabaqlayırsınız...
- "Qarabağ" indi elə heyətə malikdir ki, hansısa futbolçuda arxayınlıq yaransa, baş məşqçi Qurban Qurbanov onu dərhal ehtiyatda oturdacaq. Biz istənilən halda mövsümün sonunadək mübarizəmizi davam etdirəcəyik ki, ötən mövsüm olduğu kimi xal itkisi ilə üzləşməyək.
- Amma onu da etiraf etmək lazımdır ki, ötən mövsümkü "Neftçi" və "Simurq" yoxdur...
- Əvəzində "Kəpəz", "Zirə", "Sumqayıt" var. Onların hamısı bu mövsüm yaxşı çıxış edir, öz oyunlarını tapıblar. Bu komandalar güclü rəqiblərindən xal alacaq gücdədirlər.