Mahmud Qurbanov: Sofiyaya yaxşı nəticə qazanmaq üçün gəlmişik
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində İtaliyaya qarşı keçirilmiş oyunu şərh edib, eləcə də Bolqarıstanla bu gün baş tutacaq görüşdən söz açıb. Azerisport.az saytına açıqlamasında o, bunları dilə gətirib:
"İtaliya yığmasına qalib gəlmək çətin idi. Rəqib oyuna ciddi yanaşırdı. Çünki onlara AÇ-nin final mərhələsinə vəsiqəni təmin etmək vacib idi. Biz isə səhvlərə yol verdik və rəqib bundan yaxşı yararlandı. Bütövlükdə, pis oynamadıq. Demək olar ki, bərabər səviyyəli oyun idi. Top saxlayırdıq, hücumlar qururduq, hətta qol da vurduq. Uduzmaq istəmirdik. Sadəcə, rəqib oyunçuların ustalıq səviyyəsi sözünü dedi. Hazırda Bədavi Hüseynov milliyə kömək edə bilmir. Buna baxmayaraq, Sofiyaya yaxşı nəticə üçün gəlmişik. İtaliyaya məğlub olmağımıza baxmayaraq, komandada ab-hava yaxşıdır. Yaxşı oyun göstərib, müsbət nəticəyə imza atmaq istəyirik".