Kamran Ağayev: Belə davam etsə, klubumu dəyişmək istəyirəm
Azərbaycan yığmasının və Türkiyənin "Karşıyaka" klubunun qapıçısı Kamran Ağayevin azerisport.az saytına müsahibəsi
- Bolqarıstanla oyundan nə gözləyirsiniz?
- Sofiyaya qələbə üçün gəlmişik. Buna nə dərəcədə nail olacağımızı zaman göstərəcək. Amma mən qələbə qazanacağımıza inanıram.
- Bakıda bu komandaya uduzmuşduq...
- Məğlub olmamalıydıq. Biz o zaman səhvlərə yol vermişdik və lazımsız qollar buraxmışdıq. Toparlanmalı və seçmə mərhələnin son oyununda qələbə qazanmalıyıq.
- İtaliya ilə oyunla bağlı təəssüratlarınız necədir?
- Yenə də öz səhvlərimizdən qollar buraxdıq. Düzdür, daha böyük hesabla da uduza bilərdik. Amma səhvlərimiz olmasaydı, hesab tam fərqli ola bilərdi. Öz meydanımızda uduzmağı sevmirəm. Hətta güclü komandalarla oyunlarda da. Səfərdə Maltaya da uduzmaq olar, amma öz meydanımızda kiminlə də qarşılaşsaq, gərək uduzmayaq.
- Bakı Olimpiya stadionunda keçirilən ilk oyun necə təsir bağışladı?
- Düzünü desəm, oyun vaxtı heç buna fikir vermədim və tribunalara diqqətlə baxmırdım. Amma belə təbii ki, stadion çox böyük və gözəldir.
- "Karşıyaka" bu mövsümə çox uğursuz başlayıb...
- Mən bu klubla ən son müqavilə bağlayan futbolçulardan biriyəm. Mənə komandada hansı futbolçuların oynayacağını, iddialarının böyük olacağını bildirmişdilər. Amma bizdə hələ çox az şey alınır. Bir sözlə, "Karşıyaka"nın nəticələri klubun iddiaları ilə üst-üstə düşmür.
- Bu kluba keçdiyinizə görə peşmansınız?
- İstənilən halda mən xaricdə oynamaq istəyirəm. Amma hər şey belə davam etsə, iş yerimi dəyişmək haqda düşünəcəyəm. Mövsümün sonunadək klubla müqaviləm var. Lakin mən həmişə iddialı komandalarda oynamaq istəmişəm. Mümkündür ki, hər şey yaxşıya doğru dəyişsin və biz daha yaxşı çıxış edək.