Prosineçki: Ümid edirəm ki, biz qalib gələcəyik, rəqib baş məşqçi isə postunda qalacaq
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstana qarşı səfər oyunu öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, xorvatiyalı mütəxəssis bu gün Sofiyada keçirilən mətbuat konfransında öncə bunları söyləyib:
- Bütün komanda sabahkı oyuna ciddi hazırlaşıb. Təkcə yaxşı oynamağı yox, həm də müsbət nəticə qazanmağı düşünürük. Bolqarıstan yığması iki gün əvvəl Xorvatiyaya qarşı çətin oyun keçirib. Bizim seçmə mərhələnin son oyununda yaxşı nəticə qazanmaq şansımız var.
Sabahkı oyunun start heyətinə gəlincə, ilk dəqiqələrdən Kamran Ağayev, Məhəmməd Mirzəbəyov, Maksim Medvedev, Ruslan Abışov, Rəşad Sadıqov, Qara Qarayev, Rahid Əmirquliyev, Dmitri Nazarov, Ruslan Qurbanov, Əfran İsmayılov və Elnur Cəfərov meydana çıxacaq.
- Bədavi Hüseynovun qırmızı vərəqə aldığı üçün oynamayacağı aydındır. Bəs digər dəyişikliklər nə ilə bağlıdır?
- Bütün kartları açmaq istəmirəm. Hələ ki, dediklərim yetərli sayıla bilər.
- Oyuna çox azarkeşin gəlməsi millimizin çıxışına təsir göstərəcək?
- Futbol azarkeşlər üçün oynanılır. Təəssüf ki, azarkeşlər az olacaq.
- Bolqarlar uduzsalar, baş məşqçi istefa verəcək...
- Bu barədə danışmaq istəmirəm. Aydın məsələdir ki, futbolda belə hallar olur. Mən hər bir oyunda qələbə qazanmaq istəyirəm və rəqib baş məşqçi barədə düşünmürəm. Ümid edirəm ki, sabah biz qalib gələcəyik, bolqarların baş məşqçisi isə postunda qalacaq.
- Rahid Əmirquliyevin çıxışından razısınız?
- "Xəzər Lənkəran"ın problemlərinin olmasından xəbərim var. Onunla söhbətim də olub. Nə qədər baş məşqçiyəm və o, oynayır, mənim komandamda olacaq. Hətta "Sumqayıt"da da oynasa. Rahid Əmirquliyevin özünü göstərə biləcəyi başqa komandada oynamasını istəyərdim. Çünki o, yığmada həmişə yaxşı oynayıb.