İvaylo Petev: İstefamı yox, Azərbaycanla oyunu düşünürəm
Bolqarıstan yığmasını baş məşqçisi İvaylo Petev AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
"Dördüncü yer bizə onsuz da heç nə vermir. Amma biz sabah yaxşı matç keçirib, özümüzü göstərmək istəyirik. Bizim hədəfimiz pley-offa düşmək idi. Lakin müəyyən səbəblərdən bu hədəfimizi reallaşdıra bilmədik. Yığmanın əksər futbolçuları öz klublarında əsas heyətin oyunçuları deyil. Üstəlik, ölkəmizdə futbolun səviyyəsi də aşağı düşüb. Biz öz şansımızı Norveçə uduzduğumuz oyunlarda itirdik. Xorvatiya ilə oyunda meydana eksperimental heyət çıxarmışdıq. Sabahkı oyunda da oxşar heyət olacaq. Rəqibə gəlincə, Azərbaycan futbolu yüksəlişdədir. Bunu sözügedən ölkənin həm yığmasına, həm də klub futboluna aid etmək olar. Ümid edirəm ki, sabah da maraqlı oyun olacaq. Mən istefam yox, Azərbaycanla matç barədə düşünürəm. Yaxşı oyun olacağına ümid edirəm. Sabah yaxşı futbol sərgiləmək istəyirik. Aqressiv oynamaq lazımdır. Çünki rəqibin üstün cəhətləri var".