Bolqarlardan Azərbaycan mətbuatına hörmətsizlik
12 oktyabr 2015 21:45
AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Bolqarıstan - Azərbaycan matçı öncəsi meydan sahiblərinin baş məşqçisi İvaylo Petevin mətbuat konfransı baş tutub. Azerisport.az xəbər verir ki, konfrans zamanı Bolqarıstan Futbol Federasiyasının nümayəndələri Azərbaycan mətbuatına hörmətsizlik nümayiş etdiriblər.
Belə ki, Petevin mətbuat konfransı başlayarkən məlum olub ki, azərbaycanlı jurnalistlər üçün tərcüməçi tutulmayıb. Halbuki, BFF rəsmiləri konfransda Azərbaycandan da mətbuat nümayəndələrinin olacağından xəbərdar idi. Yalnız azərbaycanlı jurnalistlərin tələbindən sonra problem aradan qaldırılıb və konfrans zalında tərcüməçi peyda olub.