Milli komandamız dördqat dünya çempionuna qarşı
Bu gün futbol üzrə Azərbaycanın əsas yığma komandası növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, yığmamız AÇ-2016-nın seçmə mərhələsindəki doqquzuncu oyununda İtaliyanı qəbul edəcək.
Qeyd edək ki, İtaliya Azərbaycan yığması üçün tanış rəqibdir. Belə ki, millimiz AÇ-2004-ün seçmə mərhələsində də bu komanda ilə bir qrupda mübarizə aparıb. Həmin vaxt italyanlar Bakıda 2:0, doğma meydanda isə 4:0 hesabıyla qalib gəliblər. Elə cari seçmə mərhələyə təsadüf edən sayca üçüncü oyunda da millimiz bu rəqibi ilə bacarmayıb. Səfərdə baş tutan görüşdə Azərbaycan yığması ilk dəfə bu rəqibinin qapısına yol tapsa da, yenə meydanı məğlub tərk edib - 1:2. İndi komandamız uğursuz gedişata son qoyub, italyanlarla görüşlərdə ilk xalını və ya xallarını qazanmağa çalışacaq.
Tarixi ərzində dörd dəfə dünya, bir dəfə Avropa çempionu olmuş İtaliya yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 17-ci yeri tutur. Azərbaycan isə bu rəqibindən xeyli gerirdə - 105-ci pillədə qərarlaşıb.
İtaliya millisinə yerli mütəxəssis Antonio Konte başçılıq edir. 46 yaşlı məşqçi 2014-cü ildən etibarən bu yığmanı çalışdırır. 2005-ci ildən məşqçilik edən mütəxəssis "Aretso", "Bari", "Atalanta", "Siena" və "Yuventus"da baş məşqçi olub.
Yığmamızı bu dəfə də çox güclü rəqiblə sınaq gözləyir. Cari seçmə mərhələdə millimiz startda Bolqarıstana (1:2) evdə, İtaliya (1:2) və Xorvatiyaya (0:6) səfərdə məğlub olarkən (1:2), Norveçlə Bakıdakı görüşdə də minimal hesablı məğlubiyyətlə üzləşib - 0:1. Yalnız Robert Prosineçkinin Berti Foqtsu əvəzləməsindən sonra millimizin nəticələrində müsbətə doğru dəyişiklik oldu. Belə ki, evdə Maltaya qalib gələn (2:0) futbolçularımız səfərdə həm bu komandadan (2:2), həm də Norveçdən xal alıb - 0:0. Eyni zamanda Xorvatiya ilə ev oyununda da uduzmaması (0:0) millimiz üçün sürpriz nəticələrdən biri kimi qeydə alınıb. Bütün bu nəticələrdən sonra Azərbaycan 6 xalla qrupunda yalnız Maltadan öndə - 5-ci pillədə qərarlaşıb.
Göründüyü kimi, son uğurlar məhz yeni baş məşqçinin - Prosineçkinin dövrünə təsadüf edib. Hələ ki, rəsmi oyunlarda məğlubiyyət tanımayan xorvatiyalı mütəxəssisin uğurlu seriyasının italyanlarla görüşdə davam edib-etməyəcəyi maraqla gözlənilir. Millimizin üzvləri isə həm ardıcıl beşinci oyunda uduzmamaq, həm də daim məğlub olduğumuz italyanlardan qisas almaq haqda düşünməlidirlər. Baxmayaraq ki, rəqib komandanın heyətində xeyli tanınmış və ulduz futbolç çıxış edir.
İtaliya yığmasının cari seçmə mərhələdəki çıxışına gəlincə, bu komanda tsiklin əvvəlki səkkiz oyunundan beş qələbə, üç heç-heçə ilə ayrılıb. Heç-heçələrin ikisi Xorvatiya ilə qarşılaşmalara təsadüf edib və eyni hesabla bitib - 1:1. Daha bir heç-heçə isə Bolqarıstanla səfər matçında qeydə alınıb - 2:2. Qələbələr isə Azərbaycan (evdə 2:1), Norveç (səfərdə 2:0), Malta (səfərdə 1:0, evdə 1:0) və Bolqarıstanla (evdə 1:0) oyunlara təsadüf edib. Bu nəticələrdən sonra İtaliya 18 xalla H qrupuna liderlik edir.
İtaliya Bakıda çıxış etməsinə baxmayaraq, millimizlə görüşdə aşkar favoritdir. Azərbaycan yığmasının bu rəqibdən hətta 1 xal alması da uğur kimi qiymətləndiriləcək. Amma təbii ki, millimiz qələbə qazanmaqla çox böyük sürprizə də imza ata bilər. Hansı ki, əvvəlki seçmə mərhələlərdə ən azı bir favoriti sıradan çıxaran yığmamızdan belə sensasion nəticə gözləyənlər az deyil. Matçın Bakı Olimpiya stadionunda keçirilməsi də komandamızı ruhlandıra bilər. Çünki millimizin ev oyunlarında ilk dəfə rekord sayda - 40 mindən çox azarkeş görməyimiz proqnozlaşdırılır.
İtaliya ilə qarşılaşma Azərbaycan millisinin 2015-ci ildə 7-ci oyunu olacaq. Yığmamız bu il beşinci rəsmi oyununa çıxır. Əvvəlki rəsmi oyunlarda yığmamız Bakıda Maltaya qalib gəlib (2:0), səfərdə Norveçdən (0:0) və maltalılardan (2:2) xal alıb. Daha bir rəsmi oyunda isə Xorvatiya ilə Bakıda qolsuz heç-heçəyə razılaşmışıq. Digər iki oyun isə yoxlama görüşləridir. Fevralın 24-də Antalyada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşma millimizin 1:2 hesablı məğlubiyyəti ilə bitmişdi. Serbiya ilə qarşılaşmada isə böyük hesablı məğlubiyyət qeydə alınmışdı - 1:4.
Sonda onu da qeyd edək ki, yığmamız bu gün tarixi ərzində 217-ci matçına çıxacaq. İndiyəqədərki oyunların 39-da qələbə qazanmışıqsa, 59-da da heç-heçə ilə təsəlli tapmışıq. 118 qarşılaşmada isə məğlubiyyətlə üzləşmişik. Topların fərqi də millimizin xeyrinə deyil: 153 qol vurduğumuz halda, öz qapımızdan 369 top çıxarmışıq.
AÇ-2016-nın seçmə mərhələsi
H qrupu
10 oktyabr
21:00. Azərbaycan - İtaliya
Baş hakim: Uilyam Kollum (Şotlandiya).
Bakı. Olimpiya stadionu.