Vüqar Nadirov: Xorvatiya ilə oyunda uduzmamaq bizim üçün çox vacib idi
Azərbaycan yığmasının hücumçusu Vüqar Nadirovun azerisport.az saytına müsahibəsi
- Oyun barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Qrupun liderinə qarşı oynayırdıq. Uduzmamaq çox vacib idi. Şadam ki, belə güclü komandadan xal almağı bacardıq. Fikrimcə, bu nəticə ilə Azərbaycan xalqını sevindirmiş olduq.
- İkinci hissədə meydana çıxsanız da, hücumlara elə də inamla atılmırdınız. Bu, baş məşqçinin tapşırığı idi?
- Daha çox əks-hücumlara bel bağlayırdıq. Sürətimin hesabına mən də hücumda təhlükə yaratmaq istəyirdim. Amma bəzi epizodlarda rəqibləri aldatmaq mümkün olmadı. Bir hücumda da Dmitri Nazarovla bir-birimizi başa düşmədik. Mən elə zənn etdim ki, o, hücumu özü başa çatdırmaq istəyir.
- Bu oyunla Malta ilə görüşdən nə gözləyə bilərik?
- Belə nəticədən sonra komandada atmosfer bir qədər də yaxşılaşıb. Fikrimcə, bu, çox vacibdir. Səfərdə oynayacağıq. Başa düşürük ki, Malta doğma meydanda Bakıdakı kimi oynamayacaq. Yaxşı nəticə qazanmaq istəyirik.
- Yaxşı nəticə deyəndə heç-heçəni nəzərdə tutmursunuz?
- (gülür) Xeyr. Heç-heçəni etdik. Bu dəfə qələbə qazanmalıyıq.
- Bunun üçün fiziki gücünüz yetəcək? Çüki xorvatlarla oyunda çox güc sərf etdiniz...
- Bərpa üçün vaxt azdı. Amma fikrimcə, problem olmayacaq. Kifayət qədər təcrübəli futbolçularıq və bilirik ki, qısa vaxt ərzində iki oyuna necə yanaşmaq lazımdır.