Modriç: Prosineçkinin bizi yaxşı tanıması Azərbaycan millisinə əlavə şans qazandırmır
Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Madrid "Real"ının (İspaniya) futbolçusu bunları söyləyib:
"Şübhəsiz ki, Azərbaycan və Norveçə qarşı keçirəcəyimiz oyunlar çətin olacaq. Bu rəqiblərlə görüşlərimiz Osiyek və Maksimirdəki qarşılaşmalardan daha çətin keçəcək. Amma biz tsikl ərzində göstərdiyimiz oyunu bu görüşlərdə də təkrarlaya bilsək, qələbə qazana bilərik. Öncə Azərbaycana, sonra Norveçə qalib gəlməliyik. Altı xal qazanmağımıza çox sevinərəm. Amma dörd xal qazanmağımız da pis nəticə sayılmayacaq. Robert Prosineçki bizi yaxşı tanıyır. Lakin bu, Azərbaycan yığmasına əlavə şans qazandırmır. Azərbaycan millisi Prosineçkinin rəhbərliyi altında son iki oyunda yaxşı çıxış edib. Bu komanda artıq əvvəlkindən daha yaxşı oyun sərgiləyir. Amma mən bunun vacib əhəmiyyət daşıdığını düşünmürəm".