Qarabağ Anderlextin isveçli forvardını aldı
"Qəbələ" ilə yanaşı Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edəcək "Qarabağ" da heyətini yeni futbolçu ilə gücləndirib. Azerisport.az xəbər verir ki, Ağdam klubu isveçli futbolçu Samuel Armenterosla müqavilə imzalayıb.
Bunu futbolçunun meneceri Sərkan Kulüp də təsdiqləyib. O, bunları söyləyib: "Qarabağ" Avropa Liqasında "Anderlext" (Belçika), "Monako" (Fransa) və "Tottenhem"lə (İngiltərə) bir qrupda mübarizə aparacaq. Bu, futbolçunun özünü göstərməsi üçün yaxşı bir imkandır. "Qarabağ" variantı həm idman, həm də maliyyə planına görə sərfəli idi. Samuel təkcə maliyyə amilinə diqqət yetirməli olsaydı, o, "Sivasspor" (Türkiyə) və ya "Krılya Sovetov" (Rusiya) variantına üstünlük verərdi".
Belçika mətbuatının yazdığına görə, "Qarabağ" Armenterosla 2 illik müqavilə imzalayıb. Amma tərəflər bu müqaviləni daha bir il artırmaqla da bağlı razılığa gəliblər.
Qeyd edək ki, Armenteros Belçikanın "Anderlext" klubunun futbolçusu olsa da, o, son mövsümü icarə əsasında Hollandiyanın "Villem II" komandasında keçirib. Ondan əvvəlki mövsümdə də Hollandiya çempionatında çıxış edən futbolçu "Feyenoord"un şərəfini qoruyub. Samuelin "Anderlext"ə qədərki karyerası da məhz Hollandiya ilə bağlıdır. O, 2008/09 mövsümünü "Herenven"də, 2013-cü ilə qədər isə "Herakles"də çıxış edib.
25 yaşlı Armenteros İsveçin U-17, U-19 və U-21 yığmalarında oynamağa da imkan tapıb.