Vladislav Qədirov: Qarabağ qrup ikinciliyi uğrunda mübarizə apara bilər
Azərbaycan yığmasının sabiq futbolçusu Vladislav Qədirov azerisport.az saytına açıqlamasında "Qarabağ"la "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsi çərçivəsindəki rəqiblərindən danışıb.
Qeyd edək ki, ağdamlıları İngiltərənin "Tottenhem", Fransanın "Monako" və Belçikanın "Anderlext" klubları ilə oyunlar gözləyir. Qəbələlilər isə Almaniyanın "Borussiya" (Dortmund), Rusiyanın "Krasnodar" və Yunanıstanın PAOK klubları ilə mübarizə aparacaq.
"Püşkün nəticəsi xoşuma gəldi. Hər iki klubumuza güclü və maraqlı rəqiblər düşüb. Belə rəqiblərə qarşı oyunlar həm klublarımız, həm də azarkeşlərimiz üçün maraqlı olacaq. Əlbəttə, rəqiblərimizin nisbətən zəif klublar olmasını çox istərdik. Amma mən qrup mərhələsində zəif komanda olduğunu düşünmürəm. Onu da unutmayaq ki, bu klublarla oyunlar Azərbaycan təmsilçilərinin ancaq xeyrinə olacaq. "Qarabağ"la "Qəbələ"yə asan olmayacaq. Xüsusilə Ağdam klubuna daha güclü rəqiblər qismət oldu. Amma "Qarabağ"ın hətta belə qrupda da ikinci yer uğrunda mübarizə aparacağını düşünürəm. Şəxsən "Tottenhem"i, "Anderlext"i, "Monako"nu bizim stadionlarımızda görmək mənim üçün maraqlı olacaq. Onlar təsnifat mərhələsində ölkəmizə gələn klublardan daha maraqlıdırlar".