Vernidub: Mxitaryan ilə bağlı vəziyyət siyasi məsələdir, bu barədə danışmaq istəmirəm
"Qəbələ"nin müdafiəçisi Vitali Vernidubun azerisport.az saytına müsahibəsi
- Avroliqanın qrup mərhələsinin püşkatması barədə nə deyə bilərsiniz?
- Təəccübləndim. Çox güclü qrupa düşmüşük. Qrupun aşkar favoriti "Borussiya"dır (Dortmund, Almaniya). Qalanları ilə oynamaq da olar, nəticə qazanmaq da.
- Rusiya "Krasnodar"ının futbolçusu Joazinyo Dortmund klubu ilə bir qrupa düşdüklərinə görə sevindiyini bildirib...
- Təbii ki, belə bir komanda ilə oynamaq həmişə xoşdur. Brend komandadır.
- "Qəbələ" bu qrupda ikinci yer uğrunda mübarizə apara bilər?
- Öncədən nəsə demək istəmirəm. İddialı komandamız var. Rəhbərlik qarşımıza böyük hədəflər qoyacaq. Necə alınacağını görəcəyik. Biz həmişə yaxşısına çalışırıq.
- Henrix Mxitaryan barədə nə deyə bilərsiniz?
- Bu barədə oxumuşam. Amma bu, siyasi məsələdir. Ona görə də bu haqda danışmaq istəmirəm.
- "Panatinaikos"la cavab oyunu barədə nə deyə bilərsiniz?
- Allaha şükür ki, hər şey bizim üçün yaxşı bitdi. Nəticə qənaətbəxşdir. Çünki qrup mərhələsinə vəsiqə qazandıq. Çox yaxşı komandaya qarşı oynadıq. Uğura çətinliklə nail olduq.
- "Qəbələ" daha artığına nail ola biləcək?
- Daha yaxşı nəticələrə çalışmalıyıq. Sentyabrın 1-də Ukraynada toplaşacağıq. Orada bir həftə hazırlıq keçəcəyik. Ardından Qəbələyə qayıdacağıq.