Yanq Boyzun kapitanı: Çox təəssüflənirəm ki, uğursuzluğa səbəb oldum
İsveçrənin "Yanq Boyz" klubunun kapitanı Stiv fon Bergen Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri cavab oyunundan (0:3, ilk oyun 0:1) sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, klub saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşımıza yüksək hədəflər qoymuşduq. Amma hər şey mənim ilk dəqiqələrdə qırmızı vərəqə almağımdan və penalti təyin olunmasından sonra korlandı. Bundan sonra bizim öz missiyamızı uğurla başa çatdırmağımız mümkünsüz oldu. Karyeramda heç vaxt belə halla üzləşməmişdim. Mən topa qaçırdım, amma yıxıldım və ayağım rəqibə toxundu. Ona necə toxunduğumu heç özüm də bilmədim. Qapıçıdan sonra ikinci oyunçu idim. Buna görə də hakimin qərarı çox sərt oldu. Penalti ilə yanaşı mənə qırmızı vərəqə də göstərdi. Çox təəssüflənirəm ki, klubumuza, azarkeşlərimizə belə acı yaşatdım. Hamımız çox məyusuq".