Vüqar Nadirov: Ümid edirəm ki, gənclər bizi layiqincə əvəzləyəcək
"Xəzər Lənkəran"ın hücumçusu Vüqar Nadirov komandanın yeni transferlərinin sentyabrın 1-nə qədər meydana çıxmasına FİFA tərəfindən qoyulan qadağaya münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Ümid edirəm ki, gənc futbolçularımız çempionatın ilk üç turunda özlərini yaxşı tərəfdən göstərə biləcəklər. Belə bir halla qarşılaşacağımızı gözləyirdik. Amma ümid edirdik ki, İdman Arbitraj Məhkəməsi "Xəzər Lənkəran"ı sevindirəcək bir qərar çıxaracaq. Ona görə də bu barədə düşünməməyə çalışırdıq. Nə etmək olar? Qismət beləymiş. Bizi ilk turlarda gənc futbolçular əvəz edəcəklər. Hamısı yaxşı futbolçudur. Allah eləsin ki, həmin oyunlarda qələbə də qazanaq. Çünki hamısı vacib oyunlardır. Yüksək yerlər uğrunda oynayırıqsa, bütün görüşlərdə qələbə qazanmaq önəmlidir".