Kamran Quliyev: AFFA və PFL-in teleyayımı satması çox böyük işdir
4 avqust 2015 14:45
"Sumqayıt"ın prezidenti Kamran Quliyev Azərbaycan Premyer Liqasının yeni mövsümünün yayım hüququnun CBC telekanalına satılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bu, AFFA və PFL-in böyük uğurudur ki, onlar nəhayət teleyayıma görə pul ödəyəcək kanal tapdılar. Məlum olduğu kimi, bütün dünyada klublar öz suvenirlərini, ev oyunlarının yayım hüququnu satmaqla böyük gəlirlər əldə edirlər. Teleyayım ən gəlirli sahələrdən biri hesab olunur. Artıq AFFA və PFL yeni mövsümün yayımına görə 700 min manat gəlir əldə edəcək ki, onu da klublar arasında böləcək. Bu, çox böyük işdir. Bu münasibətlə futbol ictimaiyyətini təbrik edirəm".