Ürfan Abbasov: Apollona Bakıda qalib gəlib, pley-offa çıxacağıq
"Qəbələ"nin müdafiəçisi Ürfan Abbasov Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kiprin "Apollon" klubuna qarşı keçirdikləri ilk oyunla (1:1) bağlı azerisport.az saytının suallarını cavablandırıb.
- Oyunda üstün tərəf olsanız da, qələbə qazana bilmədiniz...
- Rəqib oyuna çox güclü pressinqlə başladı. Azarkeşlərinin də möhtəşəm dəstəyi var idi. "Apollon"un komandamıza qol vurduğu epizodda mənim də səhvim vardı. Amma hər şeyə rəğmən, biz rəqibdən daha yaxşı oynadıq. Komanda yoldaşlarım xeyli güc sərf etdilər. Sağ olsunlar ki, məni də çətin vəziyyətdən çıxardılar, kömək etdilər. Allah eləsin ki, Bakıdakı oyunda uğur qazanaq.
- Çoxlu qol şansını boş verməyiniz sizi narahat etmir?
- Bəli, qol şanslarımız rəqiblə müqayisədə daha çox idi. Təəssüf ki, onlardan yararlana bilmədik.
- 1:1 sizin üçün sərfəli nəticə sayıla bilər?
- Qələbə də qazana bilərdik. Əsas odur ki, səfər qoluna imza atdıq.
- Penalti epizodu barədə nə deyə bilərsiniz?
- Diqqətlə baxdıqda orada yüzfaizli penalti olduğunu görmək olur. Təmiz qayda pozuntusuidi. Rəqib futbolçu Voyislav Stankoviçdən yapışıb onu qazona yıxdı.
- Cavid Hüseynovun penaltini qola çevirəcəyinə əmin idiniz?
- Cavid penalti epizodları zamanı həmişə soyuqqanlı olur. Komanda onun qol vuracağına əmin idi. Elə də oldu.
- Onun qol vurduqdan sonrakı jestini necə qiymətləndirirsiniz?
- Bu, bizim bayrağımızı cıran, onu yandırmaq istəyən kiprli fanatlara cavab idi. O, sadəcə, əsəblərinə sahib çıxa bilmədi.
- Penaltini yerinə yetirən kimi hakim komandaları paltardəyişmə otağına apardı. Həmin vaxt tuneldə nə baş verdi?
- Ciddi bir şey olmadı. Sadəcə, tərəflər arasında kiçik mübahisə yaranmışdı. Başqa bir şey olmadı.
- "Apollon"a Bakıda qalib gələ biləcəksiniz?
- Pley-off mərhələsinə çıxmaq üçün əlimizdən gələni edəcəyik.