Ansi Aqolli: Seltiklə cavab matçında ürəyimizi qoyacağıq
"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Şotlandiyanın "Seltik" klubuna qarşı keçirdikləri ilk oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Qlazqodakı oyunla bağlı nə deyə bilərsiniz?
- "Seltik"lə oyunun bizim üçün asan keçməyəcəyini bilirdik. Ona görə ki, rəqib yüksək səviyyəli komanda idi, baxımlı futbol sərgiləyir. Biz də "Seltik Park"da öz oyunumuzu göstərməyə çalışdıq. Oyuna nəzarət edirdik, rəqibdən üstün idik. "Seltik"ə qol vurmaq üçün şans vermirdik. Lakin sonda standart vəziyyətdən qol vurdular. Bu, bizi çox məyus etdi.
- Heç-heçəni qorumağınıza nə mane oldu?
- "Seltik"in qolundan öncə bizim bir neçə dəfə qol vurmaq şansımız var idi. Üstün tərəf idik, öz şərtlərimizi diqtə etdirirdik. Sadəcə, "Setik" standart vəziyyətlərdə çox güclü idi və bizimlə oyunda da bu üstünlüyündən yararlandı. Qarşıda cavab oyunu var. Hələ heç nə bitməyib. Cavab oyununa da yaxşı hazırlaşıb, müsbət nəticə qazanmağa çalışacağıq.
- "Qarabağ" qol şanslarından yararlana bilsəydi, hər şey tam fərqli alına bilərdi?
- Şansımız oldu, amma yararlana bilmədik. Ən azından vəziyyət fərqli olacaqdı. Bu, oyundur. Allah eləsin ki, cavab oyununda qol vuraq. Hazırda Bakıda məşq edirik. Uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Bəs uğur qazanmaq üçün nə lazımdır?
- Futbolda hər şey mümkündür. Cavab görüşündə maksimum diqqətli olmalıyıq. Rəqibə qol vurmağa imkan vermək olmaz. Ümid edirəm ki, Bakıdakı oyunda uğur bizim tərəfimizdə olacaq. Bu oyunda azarkeşlərin dəstəyi də bizim üçün çox vacibdir. İnanıram ki, onların dəstəyi sayəsində lazım olan nəticəni qazana biləcəyik.
- "Qarabağ" mərhələ keçmək üçün ya 2:0, ya da 3:1 hesabıyla qalib gəlməlidir. Bunu bacara biləcəksiniz?
- Dediyim kimi, futbolda hər şey mümkündür. Cavab oyununda meydanda ürəyimizi qoyacağıq. Allah eləsin ki, hədəfimizə çatmağa gücümüz yetsin.