Qəbələ: Hüseynovun jesti bayrağımıza təhqirə cavab idi
31 iyul 2015 13:00
"Qəbələ"nin kapitanı Cavid Hüseynovun Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"u ilə səfər oyununda qol vurduqdan sonrakı jestinin səbəbi məlum olub. Azerisport.az xəbər verir ki, onun bu xoşagəlməz jesti stadionda yerli fanatların Azərbaycan bayrağına qarşı təhqiramiz hərəkətinə cavab imiş.
Belə ki, kiprli fanatlar milli bayrağımızı tribunadan cırılmış formada asıblarmış. "Qəbələ" klubunun rəsmilərinin iddiasına görə, Cavid də məhz onların bu hərəkətinə cavab olaraq belə xoşagəlməz jestə əl atıb.
Klubdan verilən məlumata görə, Kipr mətbuatı Azərbaycan bayrağının bu cür formada təhqir olunması faktını gizlədir və daha çox Cavidin jestini və ukraynalı hakimin guya onlara qarşı qərəzli idarəçiliyini qabardır.