Böyükağa Hacıyev: Roman Qriqorçukun bəxti digərləriylə müqayisədə gətirib
"Neftçi"nin sabiq baş məşqçisi Böyükağa Hacıyev klublarımızın Çempionlar Liqası və Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki şanslarını qiymətləndirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"la "İnter"ə güclü rəqiblər qismət olub. Sözsüz, hər iki komanda sona qədər mübarizə aparacaq. Ağdam təmsilçisinin ilk oyunundan çox şey asılıdır. Münasib nəticə olarsa, cavab görüşünə fərqli hazırlaşmaq mümkün olacaq. "Qarabağ" öz oyununu göstərsə, istəyinə nail ola bilər. "İnter"dən nəsə tələb etmək çox çətindir. Ağır durumda iki mərhələ keçmək böyük uğurdur. İndiki durumda "bankirlər"dən gözəl oyun gözləmək daha düzgün olar.
"Qəbələ"yə gəldikdə söyləmək olar ki, Roman Qriqorçukun bəxti digərləriylə müqayisədə gətirib. Çünki, Kipr təmsilçisi nəhəng klublara aid deyil. Onlarla bərabər səviyyədə mübarizə apararaq uğur qazanmaq olar. Yəqin ki, Qriqorçukun öz hazırlıq planı var. Biz onlara uğur arzulayırıq. Belə fürsət bir daha ələ düşməyə bilər. "Qəbələ" bu mərhələni də keçəcək gücdədir".