Qəbələ bosniyalı hücumçu ilə müqavilə bağlamağa hazırlaşır
"Qəbələ" növbəti transferini reallaşdırmağa hazırlaşır. Azerisport.az xəbər verir ki, bölgə klubu Bosniya və Herseqovina yığmasının hücumçusu Ermin Zeçi heyətinə qatmağa qərar verib.
Bu gün günorta saatlarında onun Bakıda olması gözlənilir. Elə bu gün sözügedən futbolçunun tibbi baxışdan keçməsi nəzərdə tutulub. "Qəbələ"nin Zeçlə iki illik müqavilə imzalaması planlaşdırılır.
Qeyd edək ki, Erminin Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Kipr "Apollon"u ilə oyunlar üçün sifariş edilib-edilməyəcəyi bəlli deyil. Bu, baş məşqçi Roman Qriqorçukun qərarından asılıdır.
Sonda onu da bildirək ki, 27 yaşlı Zeçin ilk peşəkar klubu yerli "İskra" olub. Daha sonra o, Xorvatiyanın "Şibenek" komandasının şərəfini qoruyub. 2010-cu ildə Türkiyənin "Gənclərbirliyi" klubuna keçən futbolçu ötən il Xorvatiyanın "Riyeka" komandasına üz tutsa da, bu ilin əvvəlində yenidən qardaş ölkəyə - bu dəfə "Balıkəsirspor"a qayıdıb. Bu klubdakı yarım mövsüm ərzindəki 16 oyunda 7 qola imza atan Ermin ölksənin yığmasında da 9 oyuna çıxıb və bir dəfə fərqlənib.