Edon Hasani: Teli mənə dedi ki, Neftçi yaxşı komandadır və evdə daha yaxşı çıxış edir
"Neftçi"nin maraq dairəsinə düşən Albaniyanın "Kukesi" klubunun yarımmüdafiəçisi Edon Hasani azerisport.az saytının suallarını cavablandırıb.
- "Kukesi" Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Belarus "Torpedo"su ilə ilk oyunda 2:0 hesablı qələbəyə sevinib. Səfərdəki cavab matçında növbəti mərhələyə vəsiqəni təmin edə biləcəksiniz?
- Hələ tələsmək lazım deyil. Hər şeyə cavab matçından sonra aydınlıq gələcək.
- Növbəti mərhələyə adlasanız, "Neftçi" - "Mladost" cütünün qalibi ilə qarşılaşacaqsınız. "Kukesi" bu klublardan hansına qarşı oynamaq istəyir?
- Fikrimcə, "Neftçi" "Mladost"dan güclüdür. Amma prinsipcə, rəqibin kim olmasının elə də ciddi fərqi yoxdur. Biz nə "Neftçi"dən, nə də "Mladost"dan qorxuruq. Sadəcə, "Mladost"la qarşılaşmaq bizə daha rahat olardı. Hər halda onlar "Neftçi" ilə müqayisədə çox güclü deyillər. Üstəlik, Çernoqoriya futbolunun səviyyəsi də aşağıdır.
- Belə görünür ki, "Neftçi" barədə kifayət qədər məlumatınız var...
- Bəli, informasiyam var. Azərbaycanda bir neçə albaniyalı futbolçu çıxış edir. Azərbaycan çempionatı səviyyəcə həm Çernoqoriya, həm də Albaniya birinciliyindən yüksəkdir. Elvin Beqiri ilə Admir Teli Azərbaycana gəlməzdən öncə biz birgə "Vlajniya"da oynayırdıq. Yeri gəlmişkən, biz bir neçə gün öncə Avstriyada "Neftçi" ilə yoxlama oyununda üz-üzə gəlmişdik. Güclü futbolçuları var. Amma hazırda bizi komanda daha yaxşı təsir bağışlayır.
- "Neftçi"yə qarşı oynamaq şansı qazandınız?
- Bəli. Özü də pis oynamadım. Oyundan sonra hətta mənə dedilər ki, "Neftçi"dən mənimlə maraqlanırmışlar.
- Hazırda bu məsələ nə yerdədir?
- Hələ, gözləyirəm.
- Beqiridən fərqli, Teli son mövsümədək Azərbaycanda çıxış edirdi. Ondan Azərbaycan futbolu barədə məlumat almısınız?
- Bəli, "Neftçi" barədə danışdıq. O, mənə bildirdi ki, bu klub paytaxtı təmsil edir və çox yaxşı komandadır. Teli həmçinin "Neftçi"nin doğma meydanda daha yaxşı oynadığını bildirdi.
- Amma siz yəqin ki, bu klubda yaşanan maliyyə problemlərindən, legionerlərin əksəriyyəti ilə yolların ayrılmasından, legionerlərə üstünlük verilməsindən xəbərsizsiniz...
- Yoxlama oyununda bizə qarşı daha çox gənclərin oynadığını hiss etdim. Bu, onların özlərini göstərmələri üçün yaxşı şans idi. Fikrimə, "Neftçi" belə bir siyasət yürütməklə doğru addım atıb.