Samir Əliyev: Diqqətimiz ancaq Mladostla cavab oyununa yönəlib
"Neftçi"nin baş məşqçisi Samir Əliyev Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın "Mladost" klubuna qarşı keçiriləcək cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"İlk oyunun nəticəsi (2:2) ilk baxışdan rəqibə üstünlük qazandırır. Amma biz Çernoqoriyaya yaxşı əhval-ruhiyyədə və qələbə qazanmaq üçün yollanırıq. Çünki Kaue də sıraya dönəcək. O, komandamıza kömək edəcək. Bir sözlə, hələ növbəti mərhələyə hansı komandanın çıxacağını indidən demək olmaz".
Gənc mütəxəssisin sözlərinə görə, onlar hazırda hələ yeni transferlər etmək barədə düşünmürlər: "Bizi hazırda transferlər düşündürmür. Bütün diqqətimiz "Mladost"la cavab oyununa yönəlib. Ancaq Çernoqoriyada qələbə qazanıb, növbəti mərhələyə adlamaq haqda düşünürük. Hətta yeni transferlər olsa da belə, onlar minimum 4-5 gün lazımdır ki, komandaya uyğunlaşsınlar. Amma gələcək üçün bizə yeni transferlər lazım olacağını düşünürəm".