Mircavadovla Hacıyev Çernoqoriyaya gedir
AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Əsgər Abdullayevin namizədliyinin nə vaxt təsdiqlənəcəyinə aydınlıq gətirib. Azerisport.az saytına açıqlamasında o, eyni zamanda komitə üzvlərinin avrokuboklarda iştirak edən klublarımızın oyunlarını izləməyə gedəcəyini də bildirib:
"Biz Əsgər Abdullayevin namizədliyini irəli sürmüşük. O, Şahin Diniyevi əvəzləyəcək. Çünki Diniyev "Kəpəz"də çalışmağa başlayıb. Abdullayevin namizədliyini isə AFFA rəhbərliyi qəbul etməlidir. Onun namizədliyinin nə vaxt qəbul olunacağına yaxın günlərdə aydınlıq gəlməlidir.
Fəaliyyətdə olan komitə üzvlərinə gəlincə, Ağasəlim Mircavadov Çernoqoriyaya yollanacaq. O, "Neftçi"nin "Mladost"la səfər matçını izləyəcək. Böyükağa Hacıyev "Qarabağ"ın Çernoqoriya "Rudar"ı ilə səfər görüşünə yollanacaq. Şakir Qəribovla mən "İnter" və "Qəbələ"nin oyunlarına gedəcəyik".