Mahmud Qurbanov: Hər şey klublarımızın öz əlindədir
Azərbaycan yığmasının məşqçisi Mahmud Qurbanov "İnter", "Neftçi" və "Qəbələ"nin Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlmək şanslarından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Neftçi"nin Çernoqoriya "Mladost"u ilə ev, "İnter"in Albaniya "Laçi"si ilə səfər oyununda heç-heçə etməsinə baxmayaraq, hər şeyə cavab oyununda aydınlıq gələcək. "Qəbələ"nin Tiflis "Dinamo"su ilə səfər oyunundakı məğlubiyyəti də bu komandanın mərhələ keçmək şansının olmadığı anlamına gəlmir. Odur ki, hər şey klublarımızın əlindədir. Bu rəqibləri keçmək olar. Hesab edirəm ki, şanslar heç də pis deyil. Mübarizəni ilk mərhələdəcə dayandırmaq isə çox pis olacaq".
Qurbanov Tiflisdəki oyunda gürcü azarkeşlərin qalmaqallı əməllərinə də münasibət bildirib: "Belə hadisələrin baş verməsini ümumiyyətlə, başa düşə bilmirəm. Bu, futboldur, burada elə əməllərə nə gərək var ki? Bannerə gəlincə, onu stadiona necə keçirdikləri maraqlıdır. Baş verənlər çox üzcüdür".