Məhəmməd Qurbanov: Bu oyunu səfərdə də təkrarlasaq, mərhələ keçəcəyik
"Neftçi"nin hücumçusu Məhəmməd Qurbanov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Çernoqoriya "Mladost"u ilə oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyun barədə nə deyə bilərsiniz?
- Oyun bizim üçün yaxşı alındı. Matça nəzarət bizim əlimizdəydi, daha çox hücum edir, daha çox qol vəziyyəti yaradırdıq. Amma iki mənasız qol buraxdıq. Xüsusilə, ikinci qolu heç nədən buraxdıq.
- Bəs niyə belə alındı?
- Müdafiədə mövqe səhvinə yol verdik. Buna baxmayaraq, rəqibdən daha güclü oynadığımızı düşünürəm.
- Sizə elə gəlmir ki, "Neftçi" iki qol vurmasına baxmayaraq, hücumda çox dişsiz görünürdü. Çünki qollar düşünülmüş kombinasiya nəticəsində vurulmadı...
- Sizinlə razı deyiləm. Əksinə, mənə elə gəlir ki, hücumlarımız çox kəsərli alınırdı. Biz rəqibdən daha çox hücum edirdik. Baxmayaraq ki, hücumdakı rəngarəngliyi bir qədər də zənginləşdirməliyik.
- Bu, nə vaxt baş verəcək?
- Bunun üçün vaxt lazımdır. Çünki komanda yenidən toplanıb. Biz hələ artıracağıq.
- Hücumda çıxış etsəniz də, 90 dəqiqə ərzində qapıya bir dənə də zərbə vura bilmədiniz...
- Deməli, oyun elə alınıb (gülür). Mən çalışırdım, cəhd edirdim.
- "Mladost"un gücünü artıq gördünüz. Bu komandanı keçə biləcəksiniz?
- Fikrimcə, hə. Onları keçməyə borcluyuq. Səfərdə də belə oynasaq, mütləq mərhələ adlayacağıq. İki qol vurub, mərhələ keçəcəyik.