Fariz Nəcəfov: Plakat və Azərbaycan bayrağının təhqir olunması erməni təxribatçıların işidir
Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Qəbələ" ilə Gürcüstanın "Dinamo" klubu arasında ötən gün Tiflisdə baş tutan ilk görüş yerli fanatların təxribatı ilə yadda qaldı. Azerisport.az xəbər verir ki, yerli fanatlardan bir qrupu oyundan öncə "Qəbələ" azarkeşlərinə hücum etmişdi.
Oyundan sonra isə onlar komandamızı dəstəkləyən fanatların apardığı Azərbaycan və "Qəbələ" bayraqlarını təhqir ediblər. Məsələ ilə bağlı "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov saytımıza açıqlama verib:
"Birincisi, "Qəbələ"nin Tiflisdə qəbulu və təşkilatçılıq yüksək səviyyədə idi. Komandamızla və nümayəndə heyətimizlə bağlı heç bir problem olmadı. "Sektor 11" azarkeş qrupunun yerli fanatlarla davasını eşitmişəm. Bizim fanatlar klubla getməmişdilər və bizimlə deyildilər. Açılan plakatlar və Azərbaycan bayrağının təhqir olunmasına gəlincə, bircə söz deyə bilərəm: bu, təxribatçıların işidir. Böyük ehtimalla bunu Gürcüstanda yaşayan ermənilər ediblər. Tribunada açılan plakatı biz məsələyə qarışan kimi yığışdırdılar.
Qəbələdəki oyuna gəlincə, qoy hamı sakit olsun. Təhlükəsizlik ən yüksək səviyyədə təşkil olunacaq. Qəbələdəki stadionda heç bir təhqiredici plakat olmayacaq".