Baçana Sxadadze: Dinamo ilə Qəbələnin şansları bərabərdir
"İnter"in sabiq hücumçusu Baçana Sxadadze bu gün Gürcüstanın "Dinamo" (Tiflis) və Azərbaycanın "Qəbələ" klubları arasında keçiriləcək Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsindəki oyunla bağlı fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qəbələ" barədə danışmaq çətindir. Çünki bu komandaya yeni futbolçular cəlb olunub ki, mən onları tanımıram. Bütövlükdə, Azərbaycan klubu meydan sahibləri ilə müqayisədə daha təcrübəli olduğunu deyə bilərəm. Amma "Dinamo"da da özünü yaxşı tərəfdən göstərə biləcək gənc futbolçular var. "Qəbələ"nin avrokuboklarda elə də böyük təcrübəsi yoxdur. Ona görə də şansların bərabər olduğunu düşünürəm. Maraqlı oyun gözləyirəm. Çünki "Dinamo"nun baş məşqçisi hücum futbolunu sevir. "Dinamo"lular da meydan sahibi olduqlarını göstərmək arzusu ilə alışıb-yanırlar".