Roman Qriqorçuk: Sabah bizi 0:0 yox, 5:0 hesablı qələbə qane edəcək
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) klubuna qarşı keçiriləcək oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, ukraynalı mütəxəssis bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
- Hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır. "Dinamo" barədə ətraflı məlumatımız yoxdur. Bilirik ki, bir neçə futbolçu komandanı tək edib, baş məşqçi dəyişib. "Dinamo"nun sərgilədiyi futbol xoşuma gəlir. Əminəm ki, sabah azarkeşlər maraqlı oyunun şahidi olacaqlar.
- Növbəti mərhələyə vəsiqə qazana biləcəksiniz?
- Artıq yarım mövsümdür ki, "Qəbələ"dəyəm. Amma mənə elə gəlir ki, bu komandanı çoxdan çalışdırıram. Bizim komandada da çox şey dəyişib. Öz oyunumuzu yaxşılaşdırmışıq, bir sıra hədəflərimizə çatmışıq. Sadəcə, mövsüm başa çatandan sonra heyətdə bir sıra dəyişikliklər olub. Xeyli futbolçu getdi, yenilər gəldi. Düzdür, vaxt azdır. Mümkündür ki, sabah siz meydanda komanda ilə cəmi 3-4 gün bir yerdə olmuş futbolçular görəsiniz. Amma özümüzü yaxşı tərəfdən göstərəcəyimizi düşünürəm.
- Komandanız oyuna nə dərəcədə hazırdır?
- Dediyim kimi, elə də çox vaxtımız yox idi. İstənilən halda yeni futbolçularımız kifayət qədər təcrübəlidirlər. Fikrimcə, uyğunlaşmaq baxımından problem olmayacaq. Amma təbii ki, sabah çətin olacaq. Bizim üçün əsas nəticədir. İdeal oyun sərgiləməyimiz üçün hələ vaxtımız var. Ola bilər ki, sabah ideal oyun sərgiləyə bilməyək. Çünki bizim üçün nəticə daha önəmlidir.
- Sabah sizi hansı nəticə qane edəcək?
- Biz müdafiədə oturmaq barədə düşünmürük. Nəticəyə oynamaq tam fərqli şeydir. Əgər bunu izah etməyə başlasam, çox vaxt gedəcək. "Dinamo" ilə oyunda bizi 0:0 yox, 5:0 hesablı qane edəcək.